Edqar Abdullayev: "Fintexlər maliyyə xidmətlərinin birbaşa iştirakçısı olub"

Maliyyə
  • 09 iyun, 2026
  • 11:02
Edqar Abdullayev: Fintexlər maliyyə xidmətlərinin birbaşa iştirakçısı olub

Azərbaycanda fintex sektoru artıq maliyyə xidmətlərinin alternativi deyil, birbaşa iştirakçısına çevrilib.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, son illərdə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkədə rəqəmsal maliyyə ekosistemi sürətlə inkişaf edir: "Bu gün fintex sektoru maliyyə xidmətlərinin alternativi deyil, maliyyə bazarının ayrılmaz hissəsidir və sektorun inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Açıq bankçılıq, Ani Ödəniş Sistemi, rəqəmsal identifikasiya həlləri, innovasiyaların təşviqi mexanizmləri və xüsusi tənzimləmə rejimi (sandbox) maliyyə sektorunun inkişafına yeni imkanlar yaradır".

Sədr qeyd edib ki, dövlət qurumları, tənzimləyici orqanlar, banklar, ödəniş və elektron pul təşkilatları, eləcə də texnologiya şirkətləri arasında əməkdaşlığın güclənməsi Azərbaycanın regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevrilməsinə imkan verəcək.