EBRD şəhərlərdə iqlim layihələri üçün qarışıq maliyyələşdirmədən istifadə etməyi planlaşdırır

Maliyyə
  • 20 may, 2026
  • 15:55
EBRD şəhərlərdə iqlim layihələri üçün qarışıq maliyyələşdirmədən istifadə etməyi planlaşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) iqlim gündəliyi ilə bağlı layihələrin hazırlanmasında şəhərlərə dəstək göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" istiqamətinin rəhbəri Lin O'Qreydi Bakıda Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Çoxtərəfli İnkişaf Bankları yerli səviyyədə dayanıqlı mənzil təminatını necə dəstəkləyə bilər?" mövzusunda investorların dəyirmi masasında bildirib.

"EBRD davamlı inkişafa yönəlmiş layihələrin planlaşdırılması və hazırlanması sahəsində şəhərlərə kömək etməyə hazırdır. Keyfiyyətli şəkildə hazırlanmış layihələrin çatışmazlığı kredit maliyyələşdirilməsinin cəlb edilməsi üçün əsas maneələrdən biri olaraq qalır. EBRD digər çoxtərəfli inkişaf bankları ilə birlikdə bu prosesdə fəal iştirak etməyi planlaşdırır", - L.O'Qreydi qeyd edib.

Onun sözlərinə görə, kapitalın yüksək dəyəri şəhər mühitində iqlim layihələrinin həyata keçirilməsi yolunda hələ də əsas maneələrdən biri olaraq qalır:

"Bu maneəni dəf etmək üçün EBRD öz resurslarını Yaşıl İqlim Fondu və İqlim İnvestisiya Fondları kimi institutların qrant vəsaitləri və güzəştli kreditləri ilə birləşdirərək qarışıq maliyyələşdirmə mexanizmini işə salır".

L.O'Qreydinin fikrincə, borclanmanın dəyərini azaltmağa və iqlim təşəbbüsləri üçün maliyyələşdirmənin əlçatanlığı məsələsini həll etməyə imkan verən geniş spektrli zəmanət alətləri mövcuddur.