Dünya üzrə "kölgə bankçılığı"nın dəyəri 45 trln. dolları ötüb

Maliyyə
  • 06 mart, 2018
  • 08:45
Dünya üzrə kölgə bankçılığının dəyəri 45 trln. dolları ötüb

Bakı. 6 mart. REPORT.AZ/ 2016-cı ilin yekunlarına görə, dünyanın əsas inkişaf etmiş 29 ölkəsində "kölgə bankçılığı"nın dəyəri 45 trln. ABŞ dollarını ötüb. Bu, 2015-ci illə müqayisədə 7,6% çox olmaqla həmin ölkələrin maliyyə aktivlərinin 13%-i qədərdir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Maliyyə Sabitliyi Şurası (FSB) məlumat yayıb.

Xatırladaq ki, bu qurumu G20 ölkələri 2009-cu ildə, 1999-cu ildən fəaliyyət göstərən Maliyyə Sabitliyi Forumunun əsasında yaradıb. Şuranın "kölgə bankçılığı" ilə bağlı hesabatına bu il ilk dəfə Çin və Lüksemburq əlavə edilib. 

Qlobal "kölgə bankçılığın"da ABŞ-ın xüsusi çəkisi 31%, Çinin xüsusi çəkisi 16%, Kayman adalarının xüsusi çəkisi 10%, Lüksemburqun xüsusi çəkisi 7%, Yaponiyanın xüsusi çəkisi isə 6% təşkil edir. 

Xatırladaq ki, "kölgə bankçılığı" bank olmayan maliyyə qurumlarının - hedc fondlarının, investisiya və broker şirkətlərinin, pul bazarı fondlarının fəaliyyəti əsasında formalaşır.