Dünya Bankı Rusiya-Ukrayna mübahisəsinin Azərbaycan iqtisadiyyatı üçün riskləri açıqlayıb

Maliyyə
  • 11 aprel, 2022
  • 09:36
Dünya Bankı Rusiya-Ukrayna mübahisəsinin Azərbaycan iqtisadiyyatı üçün riskləri açıqlayıb

Rusiyanın Ukraynaya təcavüzü, Azərbaycanın iqtisadi perspektivləri, xüsusi ilə qeyri-enerji sektoru üçün mənfi risklər yaradır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair yenilənmiş hesabatında bildirilib.

Hesabata əsasən, bu, ötən il daxili və xarici tələbatın bərpasının həm enerji, həm də qeyri-enerji sektorlarında artımı dəstəkləməsindən və artan qlobal enerji qiymətlərinin xarici və fiskal tarazlığa kömək etməsi ilə güclü bərpanın ardından gəlib.

Artan enerji qiymətləri qısamüddətli gözlənilməz mənfəətə səbəb olacaq, ancaq artan inflyasiya təzyiqləri və aşağı pul köçürmələrinin (2021-ci ildə bu göstəricinin ÜDM-yə nisbəti 1 %-dək olub) əhalinin gəlirlərinə təsir edəcəyi gözlənilir.

Bu il Azərbaycanın iqtisadiyyatı 2,7 % böyüyücək ki, bu da, Rusiyanın Ukraynanı işğal etməmişdən əvvəlki proqnozla müqayisədə 0,9 faiz bəndi azdır.

"Neft və qaz hasilatının qısamüddətli artımı, 2021-ci ildəki enerji sektorundakı artıma təkan verəcək, lakin bu artımın 2023-cü ildən sonra azalacağı gözlənilir. 2021-ci ildəki güclü canlanmadan sonra qeyri-neft/qaz sektorlarında artımın sürəti 2022-ci ildə səngiyəcək.

Eyni zamanda, Rusiyanın Ukraynaya təcavüzü və bununla bağlı Rusiyaya tətbiq edilən sanksiyaların, xüsusən Azərbaycanın kənd təsərrüfatı və turizm başda olmaqla ixrac yönümlü qeyri-enerji sektorlarına mənfi təsir göstərəcəyi gözlənilir.

Emal sənayesi kimi, digər sektorlar ağac, polad və gübrə kimi çox vacib idxal olunan məhsullara çıxışda çətinliklərlə üzləşəcəyi gözlənilir.

Ortamüddətli perspektivdə, geosiyasi vəziyyətin sabitləşməsi ehtimal edərək, neft və qaz hasilatı stabilləşməsi və qeyri-enerji sektorları aşağı investisiya səviyyələri, zəif kənd təsərrüfatı məhsuldarlığı (hələ də zəif su təchizatı səbəbindən) və regional təchizat zəncirinin pozulması nəticəsində, 2022-2024-cü illərdə iqtisadiyyat öz potensialına yaxın illik ortalama 2,4 % olacağı proqnozlaşdırılır.

Tələbə gəldikdə isə, 2020-ci il və 2021-ci ilin əvvəlindən yığılan tələb səbəbi ilə, istehlak 2022-ci ildə artımın əsas hərəkətverici gücü olmağa davam edəcək.

Dövlət investisiyalarının sabitliyi və özəl sərmayələrin davamlı struktur çətinlikləri fonunda investisiyaların təzyiq altında qalması gözlənilir. Ölkənin əsas ticarət tərəfdaşlarında iqtisadi artım azaldıqca, xarici tələbin azalacağı ehtimal edilir. ötən il Azərbaycanın qeyri-neft ixracının 32 %-ni (ÜDM-nin 2,5 %-i) Rusiyaya həyata keçirməsini nəzərə alaraq, qeyri-neft ixracı nisbətən kiçik olsa da, ciddi şəkildə təsirlənəcək", - hesabatda deyilir.

Dünya Bankının analitikləri qeyd edir ki, inflyasiyanın, yüksək idxal qiymətləri səbəbi ilə 2022-ci ildə Mərkəzi Bankın hədəfindən daha çox artması gözlənilir:

"Qlobal əmtəə bazarlarında fasilələr davam etməsi səbəbi ilə ərzaq qiymətlərinin artmağa davam edəcəyi proqnozlaşdırılır. Ortamüddətli perspektivdə istehlak artımının yavaşlaması, idxal qiymətlərinə təzyiqin azalmasına və qlobal monetar şəraitin sərtləşməsini isə inflyasiyanın mülayim olmasına səbəb olacaq.

Azərbaycanın xarici balansın yüksək enerji qiymətləri ilə dəstəklənən əhəmiyyətli profisit əldə edəcəyi gözlənilir. İdxalın, daxili tələbdəki bərpaya paralel olaraq 2022-ci ildə artması və iqtisadi artımın yavaşlaması ilə ortamüddətli perspektivdə mülayimləşməsi proqnozlaşdırılır.

Büdcə xərcləri yüksək olaraq qalsa belə, yüksək neft və qaz qiymətləri ilə dəstəklənən, ÜDM-nin orta hesabla 4,7 %-i olan dövlət büdcəsinin ortamüddətli perspektivdə profisitdə olacağı təxmin edilir", - bank qeyd edir.