Dünya Bankı: “İdxal qiymətlərinin artması Azərbaycanda malların inflyasiyasına təkan verib”

Maliyyə
  • 10 dekabr, 2021
  • 11:46
Dünya Bankı: “İdxal qiymətlərinin artması Azərbaycanda malların inflyasiyasına təkan verib”

Bu ilin oktyabr ayında Azərbaycanda illik inflyasiya sürətlənərək 10 %-ə yüksəlib.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının “Azerbaıjan Monthly Economıc Update– December 2021” hesabatında bildirilib.

Sənədə əsasən, oktyabrda ayılıq İstehlak qiymətləri indeksi (CPI) 1,6 % artıb ki, bu da, əsasən ərzaq qiymətlərindəki 2,8 % artımdan qaynaqlanıb.

Oktyabr ayında ərzaq qiymətləri illik müqayisədə 13 % artıb, qeyri-ərzaq və xidmətlərin qiymətləri isə müvafiq olaraq 6,8 % və 8,3 % artıb.

"Daxili tələbin bərpası və idxal qiymətlərinin artması malların inflyasiyasına təkan verib, inzibati qiymətlərin artması isə xidmətlər sektorunda inflyasiyaya səbəb olub", - Dünya Bankı bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 %, qeyri-ərzaq məhsulları üzrə 104,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105 % təşkil edib.