Dünya Bankı Azərbaycanda özünüməşğulluq proqramı üçün maliyyələşdirməni 250 milyon dollaradək artıracaq
- 25 may, 2024
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı məşğulluğun dəstəklənməsi layihəsi üçün əlavə maliyyə kimi Azərbaycana 150 milyon ABŞ dolları ayıracaq.
“Report” banka istinadən xəbər verir ki, kreditin iyulun 25-də bankın Direktorlar Şurası tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Layihənin ümumi dəyəri 176,26 milyon ABŞ dollarıdır. Layihənin bitmə tarixinin 31 dekabr 2029-cu ilə qədər uzadılması təklif edilir.
Layihə üç komponentdən ibarətdir: özünüməşğulluq proqramının miqyasının və effektivliyinin artırılması, məşğulluq xidmətlərinin və proqramlarının gücləndirilməsi və layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.
Bankdan bildirilib ki, layihə çərçivəsində iqtisadi diversifikasiyanı və şoklara davamlılığı təşviq etmək məqsədilə istehsal və xidmət sahələrinə diqqət yetirməklə, kənd təsərrüfatından kənar sahələrdə alternativ peşələrdə iqtisadi fəaliyyətlərin maliyyələşdirilməsinə artan tələbata cavab olaraq, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
“Bundan başqa, əlavə maliyyələşdirmə uğurlu benefisiarların genişləndirilmiş qrupu ilə təkmilləşdirilmiş pul qrantı sxemini sınaqdan keçirmək imkanı verəcək. Mövcud qrant sxemi benefisiarlara iqtisadi fəaliyyətləri genişləndirmək üçün məhdud çeviklik təmin edən natural/aktiv əsaslı qrantdır. Nağd pula əsaslanan hissəvi qrant sxemi vasitəsilə uğurlu mikro müəssisələr/benefisiarlar vəsaitdən biznes-planlarında göstərilən xərclər üzrə istifadə etmək məqsədilə nağd qrant üçün müraciət edə biləcəklər. Nağd qrant proqramı həmçinin aktivlərin əldə edilməsi və bölüşdürülməsi ilə bağlı bəzi inzibati xərcləri azalda bilər ki, bundan da daha çox benefisiarı dəstəkləmək və ya qrant məbləğlərini artırmaq üçün istifadə edilə bilər”, - bankdan vurğulanıb.
Əlavə maliyyələşdirmənin iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirin azaldılması aspektini ana layihədən daha çox dəstəkləyəcəyi gözlənilir. Bu əməliyyat Paris sazişinin həm yumşaldılma, həm də uyğunlaşma məqsədlərinə uyğundur.
Bununla əlaqədar olaraq, layihə çərçivəsində “yaşıl” avadanlıq və elementlərin alınmasını nəzərdə tutan aktivlər paketlərini maliyyələşdirilməsi planlaşdırılır. “Biznes-treninqlər və texniki onlayn-treninqlər suya qənaət, ekoloji cəhətdən "təmiz enerji"dən istifadə, tullantıların dayanıqlı idarə olunması təcrübələri və təhlükəli iqlim şəraitində iş yerinin təhlükəsizliyi daxil olmaqla, enerji qənaətli biznes aparılması metodları haqqında məlumatlılığı artıran elementləri əhatə edəcək. Bundan əlavə, aktivlər paketlərinə günəş panelləri və digər enerjiyə qənaət edən əlavə avadanlıqların alınmasını daxil edilməsi kimi ucuz tədbirlər davamlı əsaslarla maliyyələşdiriləcək. Benefisiarların seçilməsi zamanı da “yaşıl biznes” modellərinə üstünlük veriləcək”, - bankdan qeyd edilib.
Xatırladaq ki, məşğulluğa dəstək layihəsi 2020-ci il avqustun 17-də qüvvəyə minib, ilk ödəniş isə elə həmin il oktyabrın 7-də həyata keçirilib. Dünya Bankı onun həyata keçirilməsi üçün 100 milyon ABŞ dolları ayırıb. Layihənin icra müddəti 2020-2025-ci illəri əhatə edir.