Böyük Britaniyanın Ticarət Palatasının Azərbaycandakı bazar potensialı açıqlanıb
- 24 fevral, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Ticarət Palatası Azərbaycanın müxtəlif sektorlarında layihələrin maliyyələşdirilməsi üçün 5 milyard funt sterlinqlik bazar potensialına malikdir.
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Bakıdakı Səfirliyinin infrastruktur və üçüncü ölkələrlə əməkdaşlıq üzrə ticarət ataşesi Elvin Raziyev Bakıda keçirilən "Su təhlükəsizliyi Azərbaycanda: Tənzimləmə, risklər və biznesin məsuliyyətli hərəkətləri" mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Palata qlobal miqyasda sutəmizləyici qurğuların modernləşdirilməsi, infrastrukturun yenilənməsi və milli təmiz su proqramları kimi iri layihələri maliyyələşdirib və bu mexanizmlər Azərbaycanda da tətbiq oluna bilər: "Böyük Britaniya yalnız ekspertiza və texnologiya deyil, həm də real maliyyə alətləri təklif edir. Palatanın Azərbaycan üzrə 5 milyard funt sterlinqlik bazar imkanı var. Bu, konkret layihələrin maliyyələşdirilməsi üçün ciddi resurs deməkdir. Su sektoru bu əməkdaşlıq üçün prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilir".