Bakıda kapital bazarları ilə bağlı tədbir keçirilib

Maliyyə
  • 06 mart, 2018
  • 10:46
Bakıda kapital bazarları ilə bağlı tədbir keçirilib
Report

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Bakıda “Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar” mövzusunda tədbir keçirilib.

"Report"un verdiyi xəbərə görə, 100 nəfərdən çox sahibkarın iştirak etdiyi tədbirdə qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyasının xüsusiyyətləri, eləcədə kapital bazarına aid digər məsələlər müzakirə edlib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın kapital bazarlarının perspektivlərindən, bu bazarlarda maliyyələşmənin yollarından və mövcud təcrübədən danışıb. 

O, çıxışında kapital bazarlarının inkişafının mövcud vəziyyəti, iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafının əhəmiyyətli olduğundan söz açıb.

Ziyad Səmədzadənin sözlərinə görə, banklarla müştərilər arasında inam olmalı, şəffaflıq artırlmalıdır: “Əgər auditlər düzgün olsaydı, onda heç banklar da bağlanmazdı”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının MBNP) baş icraçı direktoru isə İbrahim Alışov bildirib ki, son illər kapital bazarlarının inkişafı istiqamətində atılmış addımlar qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üzrə geniş imkanlar yaradıb. O, ölkədə aparılan dərin iqtisadi islahatların tərkib hissəsi kimi kapital bazarlarının inkişaf etdirilməsi, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin artırılması, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üzrə zəruri tədbirlərin yerinə yetirildiyini, habelə strateji yol xəritələri ilə yeni çağırışlara uyğun təkmilləşmə istiqamətlərinin müəyyən edilərək icrasına başlandığını qeyd edib.

MBNP rəsmisi bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, təksahiblik düşüncə tərzinin dəyişdirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılmasının əhəmiyyətini vurğulayıb. İ.Alışov “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin maliyyə bazarlarının inkişafına dair 2-ci strateji hədəfinin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verərək, bunun nəticələrindən biri kimi iqtisadiyyatın mühüm sektorlarından 5 şirkətin IPO (səhmlərin kütləvi tədavülü) edərək fond birjasında listinqə çıxmasının hədəfləndiyini bildirdi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev isə bildirib ki, ölkədə həyata kecirilən iqtisadi islahatlar rəhbərlik etdiyi qurumun qarşısında çox böyük vəzifələr qoyur: “Azərbaycanın uğurlarına, biznes ictimaiyyəti özünəməxsus töhfələr verməyə çalışır və bu dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir. Odur ki, ASK əlaqələrini günü-gündən genişləndirir. Ötən ay Konfederasiya ilə Bakı Fond Birjası (BFB) arasında imzalanmış əməkdaşlıq haqqında saziş 2011-2020-ci illər üçün Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı dövlət proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan Listinq Məsləhət Proqramı (LMP) çərçivəsində kapital bazarının inkişafına töhvə vermək məqsədi daşıyır.

Onun sözlərinə görə, xarici ölkələrin bir çoxunda olduğu kimi fond bazarlarından maliyyələşmə məsələsi Azərbaycan üçün də aktual olmalıdır: “Fond bazarından cəlb edilmiş vəsaitlərin daha sərfəli olması ölkəmizdə də müşahidə olunur. Bundan əlavə, Azərbaycanın intensiv iqtisadi inkişafının nəticəsi olaraq təsərrüfat subyektlərinin uzunmüddətli maliyyə vəsaitlərinə tələbi artmaqdadır. Bu baxımdan fond bazarının rolu daha da yüksəlir”.

M.Musayev vurğulayıb ki, maliyyə təsisatlarının və kapital bazarlarının tənzimlənməsi istiqamətində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının təkliflərini reallaşdırmaq üçün təşəbbüslər davam etməlidir. Şəffaf və effektiv bazarların təmin edilməsi məqsədilə qiymətli kağızlar bazarına dair qanunvericilik bazası təkmilləşdirilməli, bazar iştirakçılarının hesabatlılıq sistemi inkişaf etdirilməlidir. O, şirkətləri LMP-də iştiraka dəvət edərək, bildirib ki, bu proqram onlara yeni perspektivlər və imkanlar yaradacaq.

Tədbir təqdimatlarla davam etdirilib. MBNP-nin Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov “Kapital bazarları vasitəsilə maliyyələşmə”, BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov LMP, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasıyasının sədri Ceyhun İbrahimov “Kapital bazarlarında investisiyalar”, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan “Kapital bazarlarının inkişafında xarici investora ehtiyac varmı?” adlı təqdimatlarla çıxış ediblər.

Təqdimatlardan sonra şirkətlərin kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, BFb-də listinqin üstünlükləri və LMP-yə qoşulma, şirkətlərin investisiya qiymətli kağızlarına yatırımları mövzuları ətrafında müzakirələr aparılıb.