Azərbaycan bank sisteminin aktivləri azalıb
- 29 oktyabr, 2014
- 01:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 oktyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2014-cü il oktyabrın 1-nə 23,506 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu illik müqayisədə 4,105 mlrd. manat və ya 21,2% çoxdur.
Eyni zamanda, ilin əvvəlindən bank aktivlərinin həcmi 3,121 mlrd. manat və ya 15,3% artsa da, sentyabrda 41 mln. manat və ya 0,2% azalıb.
Qeyd edək ki, aktivlərin azalması aktivlərin tərkibində əsas yeri tutan kredit qoyuluşlarının artması fonunda baş verib. Belə ki, kredit qoyuluşlarının həcmi sentyabr ayında 323 mln. manat və ya 1,9% artıb. Ümumiyyətlə, aktivlərin tərkibində bankların məcmu kredit portfeli oktyabrın 1-nə 17,130 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 2,729 mlrd. manat və ya 16,2% çoxdur.
Göründüyü kimi, kreditlər bank aktivlərinin 72,9%-ni təşkil edir. Ötən il oktyabrın 1-də bu göstərici 74,2%, bu ilin əvvəlində isə 73,5% olub.
"Report"un analitikləri hesab edirlər ki, bank aktivlərinin strukturu ilə oktyabrın 1-nə statistik göstəricilər hələ açıqlanmayıb, lakin ehtimal etmək olar ki, aktivlərin azalması dəyişkən komponentlər hesabına baş verib. Bura nağd vəsaitlər, müxbir hesablarındakı vəsaitlər və investisiyaları aid etmək olar.