"Azəri Star Mikromaliyyə" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 01 iyun, 2026
- 09:37
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azəri Star Mikromaliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 53 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,2 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "Azəri Star Mikromaliyyə"nin aktivləri 1,103 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur. Bunun 713 min manatı müştərilərə verilmiş kreditdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,25 dəfə böyüyüb.
Hesabat dövründə "Azəri Star Mikromaliyyə"nin öhdəlikləri 13,3 % artaraq 17 min manata, balans kapitalı isə 3,2 dəfə artaraq 1,086 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,55 dəfə artaraq 1,435 milyon manata çatıb.
Kredit təşkilatından "Report"a verilən məlumata görə, zərərlə işləmələri qurumun inkişafına investisiya qoyuluşu, işə yeni əməkdaşların götürülməsi ilə bağlıdır: "Xərclər strukturunda əsas pay inzibati və əməliyyat xərclərinə məxsus olub. Xüsusilə əməkhaqqı xərclərinin əhəmiyyətli şəkildə artması yeni mütəxəssislərin cəlb edilməsi, komandanın genişləndirilməsi, insan kapitalına yönəlmiş investisiyalarla bağlıdır. Bu istiqamətdə qoyulan sərmayə şirkətin yalnız maliyyə baxımından deyil, institusional və peşəkar potensial baxımından da sürətlə inkişaf etdiyini göstərir. BOKT hazırda aktiv genişlənmə mərhələsindədir. Güclü kapital bazası fonunda mövcud zərər idarəolunan səviyyədə qiymətləndirilir. Üstəlik, aktivlərin bir neçə dəfə artdığı, komandanın böyüdüyü və infrastruktur yatırımlarının həyata keçirildiyi bir dövrdə zərərin məhdud səviyyədə qalması xərc idarəetməsinin effektivliyindən xəbər verir".
Xatırladaq ki, "Azəri Star Mikromaliyyə" 2003-cü ildə yaradılıb.