Azərbaycanın tikinti şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 16 oktyabr, 2024
  • 14:09
Azərbaycanın tikinti şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Oktyabrın 24-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC-nin 100 500 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 750 manat olan 134 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 17-21 oktyabr tarixlərində - 3 iş günü ərzində olacaq.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 3,3 % artaraq 3 000 000 manatdan 3 100 500 manata çatacaq.

Xatırladaq ki, "Diadem" 2017-ci ildə yaradılıb. Onun səhmdarları 75 % payla Elbrus Nəbiyev və 25 % payla Kəmalə Dostumaliyevadır.