Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Maliyyə
  • 10 avqust, 2026
  • 15:21
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.

7 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 %-i ərzaq məhsullarının, 4,3 %-i içkilər və tütün məmulatlarının, 12,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 %-i avtomobil yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,8 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manatlıq, o cümlədən 290 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatlıq qeyri-ərzaq malları alıb.