Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
- 12 may, 2026
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,1 milyard manatlıq, o cümlədən 11,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,6 % artıb.
4 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 13,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 %-i avtomobil yanacağının, 4,3 %-i elektrik malları və mebellərin, 2,9 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,5 manatlıq, o cümlədən 272,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq qeyri-ərzaq malları alıb.