Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
- 10 iyun, 2026
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq, o cümlədən 14 milyard 151,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
5 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,9 %-i ərzaq məhsullarının, 4,6 %-i içkilər və tütün məmulatlarının, 12,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 %-i avtomobil yanacağının, 4,4 %-i elektrik malları və mebellərin, 2,9 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq, o cümlədən 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb.