Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
- 09 oktyabr, 2026
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
| Məhsul qruplarının adları | 2026-cı ilin yanvar-sentyabr ayları, milyon manat | 2026-cı ilin yanvar-sentyabr ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən |
|---|---|---|
| Pərakəndə ticarət dövriyyəsi | 50 774,7 | +3,8% |
| o cümlədən: ərzaq məhsulları | 25 347,8 | +1,4% |
| içkilər və tütün məmulatları | 2 129,7 | +1,3% |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 793,2 | +4,3% |
| elektrik malları və mebellər | 2 576,0 | +8,7% |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 799,2 | +33,1% |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 1 386,4 | +21,5% |
| avtomobil yanacağı | 3 058,2 | +4,0% |
| digər qeyri-ərzaq malları | 8 684,2 | +5,1% |
9 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 13,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil yanacağının, 5,1 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 549,2 manatlıq, o cümlədən 297,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 252 manatlıq qeyri-ərzaq malları alıb.