Azərbaycanın dövlət banklarının kredit qoyuluşu 25 %-dək artıb

Maliyyə
  • 23 aprel, 2022
  • 09:38
Azərbaycanın dövlət banklarının kredit qoyuluşu 25 %-dək artıb

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 milyard 007,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,4 %, yanvarın 1-i ilə müqayisədə 5,2 %, ötən ilin aprelin 1-nə nisbətən 22,3 % çoxdur.

Kredit qoyuluşunun 14 milyard 005,2 milyon manatı və yaxud 77,8 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 21,5 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 523 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 24,7 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,2 %-dən 19,6 %-ə qalxıb.

Bu il mart ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 479,6 milyon manat olub. Bu isə illik müqayisədə 27,7 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 %-dən 2,7 %-ə qalxıb.

Azərbaycanda 26 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.