Azərbaycanın bank sektorunun aktivləri 14 %-ə yaxın artıb
- 29 avqust, 2025
- 11:29

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 55 milyard 700,1 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 13,5 % çoxdur.
Bankların aktivlərinin 26 milyard 792,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 10,7 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 49,3 %-dən 48,1 %-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 13,6 % artaraq 48 milyard 689,7 milyon manata, o cümlədən depozit portfeli 6,6 % artaraq 36 milyard 650,9 milyon manata çatıb. Bunun 15 milyard 113,9 milyon manatı fiziki, 21 milyard 537 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,6 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 3,9 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 89,6 dəfə azalaraq 0,5 milyon manat olub.
Sektorun balans kapitalı isə 12,8 % artaraq 7 milyard 10,4 milyon manat təşkil edib.