Azərbaycanda ötən il uşaqlarda anadangəlmə ürək qüsurunun aradan qaldırılması xərci icra edilməyib

Maliyyə
  • 27 may, 2025
  • 10:13
Azərbaycanda ötən il uşaqlarda anadangəlmə ürək qüsurunun aradan qaldırılması xərci icra edilməyib

2024-cü ildə aparılmış təhlillərə görə, Azərbaycanda bəzi tədbirlər üçün icra edilmiş vəsaitlərlə müvafiq xəstəliklər üzrə xəstə sayının artım dinamikasının tam uyğun olmayıb. 

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, hesabat ilində seçmə qaydada araşdırılmış dövlət proqramları üzrə nəzərdə tutulmuş vəsaitlərin faktiki icra səviyyəsi 42,8-100 % aralığında olub.

"Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri ilə bağlı xərclər" üzrə 2,3 milyon manat nəzərdə tutulmağına baxmayaraq, vəsait icra edilməyib.

Bəzi dövlət proqramları üzrə ayrılan vəsaitlərin artmasına baxmayaraq, bir xəstəyə düşən dərman xərcində 2023-cü illə müqayisədə azalma qeydə alınıb.

Belə ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə bağlı xərclər" Dövlət Proqramı üzrə ayrılmış vəsait ötən ilə nisbətən 7,8 % artsa da, 1 xəstəyə düşən dərman xərci 10 % azalaraq (2023-cü ildə 2029,6 manat) 1 825 manat,

"Hemofiliya xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər" Dövlət Proqramı üzrə nəzərdə tutulmuş məbləğ əvvəlki ilə nisbətən 15 % artsa da, 1 xəstəyə düşən dərman xərci 19,8 % azalaraq (2023-cü ildə 9 392 manat) 7 531 manat,

"Uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirləri ilə bağlı xərclər" Dövlət Proqramı üzrə ayrılmış vəsait 2023-cü ilə nisbətən dəyişməz qalsa da, 1 xəstəyə düşən dərman xərci 8,4 % azalaraq (2023-cü ildə 9941,6 manat) 9 105 manat təşkil edib.