Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı hazırlanıb
- 01 noyabr, 2017
- 07:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 noyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Mərkəzi Banknın (AMB) hazırladığı “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi keçirilib.
Bu barədə “Report”a İİTKM-dən bildirilib.
Məlumata görə, tədbirdə qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır. “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur.
Onun sözlərinə görə, beynəlxalq hesabatlara əsasən, “dünyanın 100 nağdsız şəhəri” siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə təxmin edilən ümumi gəlir 1,9 mlrd. ABŞ dolları, o cümlədən, istehlakçının gəliri 0,1 mlrd. dollar, biznes gəlirləri 1,4 mlrd. dollar, hökumətin gəlirləri 0,4 mlrd. dollar artar. Bu proses nəticəsində 15 il ərzində məşğulluq isə 3,5% arta bilər.
İİTKM-nin icraçı direktoru bildirib ki, “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanmasında peşəkar komanda iştirak edib. Layihə ölkədə strateji yol xəritələrinin həyata keçirilməsində və strateji idarəetmənin tətbiqində mühüm rol oynaya bilər.
AMB sədrinin I müavini Alim Quliyev ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman təmsil etdiyi qurmun və hökumətin diqqət mərkəzində olduğunu vurğulayıb və bu məsələnin bu gün də aktual olduğunu bildirib.Onun sözlərinə görə, ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində konkret tapşırıq verilib. Tapşırıqdan irəli gələrək, AMB “MasterCard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkədə rəqəmsal ödənişlərin inkişafına mane olan amillərin edilməsi üzrə geniş analitik təhlil və diaqnostika işləri aparılan, beynəlxalq təcrübə əsasında hazırlanan təklifləri işçi qrupuna daxil olan aidiyyatı hökumət qurumları ilə, o cümlədən, xidmət provayderləri, banklarla, dövlət qurumları ilə müzakirə edib. Beynəlxalq ekspertlərin təklifləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsititutu da cəlb edilməklə “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan transaksiyaların əhəmiyyətli genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan transaksiya xərclərinin azaldılmasıdır.
“MasterCard Advisors” bölümünün Cənub Şərqi Avropa üzrə rəhbəri Selin Bahadırlı isə layihə çərçivəsində rəqəmsal iqtisadiyyatın formalaşdırılması və rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə ölkədə qeyri-neft sektoru üzrə nağd iqtisadiyyatı şərtlləndirən amillərin fundamental təhlilinin nəticələri, maliyyə bazarlarının mövcud vəziyyəti, nağdsız hesablaşmaların inkişafına mane olan institusional faktorlar barədə məlumat verib. Layihənin yekunu kimi hazırlanan dövlət proqamında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə marifləndirmə və təbliğatın təşkili olmaqla dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib .
Geniş müzakirələrdən sonra təqdim edilən dövlət proqramının layihəsinin verilən təkliflər və tövsiyyələr nəzərə alınmaqla bir daha yenidən işlənilməsi qərara alınan və eyni zamanda nəzərdə tutulan tədbirlərin icrasına nəzarət, monitorinq və bütövlükdə layihənin idarəedilməsi mexanizmlərinin hazırlanması təklifləri irəli sürülüb.