Allahverən İsmayılov: "Süni intellektdən nəzarətsiz istifadə əlavə risklər yaradır"

İKT
  • 20 oktyabr, 2026
  • 10:10
Allahverən İsmayılov: Süni intellektdən nəzarətsiz istifadə əlavə risklər yaradır

Süni intellekt texnologiyaları təhlükəsizliklə bağlı ənənəvi yanaşmaları yenidən nəzərdən keçirməyi tələb edir.

"Report" xəbər ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov təmsil etdiyi qurumun və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə, "Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi" layihəsi çərçivəsində Bakıda keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısında bildirib.

Onun sözlərinə görə, süni intellekt sistemlərinin tətbiqi informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar meydana çıxarır: "Süni intellekt ilə daha inandırıcı fişinq hücumları hazırlanması, sosial mühəndislik üsullarının təkmilləşdirilməsi, səsin və görüntünün saxtalaşdırılması, dezinformasiyanın yayılması və mövcud kibertəhdidlərin daha geniş miqyasda həyata keçirilməsi bu çağırışların yalnız bir hissəsidir. Digər tərəfdən, ictimaiyyət üçün açıq süni intellekt alətlərindən nəzarətsiz istifadə, həssas məlumatların xarici platformalara ötürülməsi, bulud xidmətlərindən və üçüncü tərəf təchizatçılarından asılılıq, eləcə də süni intellekt sistemlərinin məlumatları necə toplaması, emal etməsi və saxlaması ilə bağlı qeyri-müəyyənliklər əlavə risklər yaradır".

A.İsmayılov qeyd edib ki, süni intellektin tətbiqi informasiya təhlükəsizliyindən kənarda qəbul edilə biləcək ayrıca bir texnoloji qərar deyil: "Bu, təşkilatın idarəetmə modelinə, risklərin qiymətləndirilməsinə, məlumatların mühafizəsinə birbaşa təsir göstərən strateji məsələdir.

Məhz buna görə də informasiya təhlükəsizliyi üzrə rəhbərlərin rolu getdikcə daha da əhəmiyyətli olur. Onların vəzifəsi yalnız mövcud sistemləri qorumaq deyil, həm də yeni texnologiyaların tətbiqindən irəli gələn riskləri əvvəlcədən görmək, düzgün qərarların qəbuluna töhfə vermək və təhlükəsiz innovasiya üçün zəruri şərtləri formalaşdırmaqdır".

44 - Tezliklə