Azərbaycanda ötən ay orta illik inflyasiya 6 %-ə yaxın olub
- 11 fevral, 2026
- 10:51
Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7,1 %, qeyri-qida məhsulları üzrə 3,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 1,5 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri bir ayda 1,3 % artıb.
Yanvarda ayrı-ayrı qida məhsullarından daha çox artım makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, azalma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,3 % artıb. Qeyri-qida mallarından daha çox artım parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, "Aİ-92" markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, azalma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yanvarda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə dekabra nisbətən 1,9 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin, azalma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.