Azərbaycanda 3 ayda orta illik inflyasiya 5,7 % olub

Maliyyə
  • 13 aprel, 2026
  • 14:07
Azərbaycanda 3 ayda orta illik inflyasiya 5,7 % olub

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 3,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, martda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,6 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,5 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 1 % artıb.

Martda ayrı-ayrı qida məhsullarından əsasən uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb, yumurta, şabalıd, gül kələmi, brokkoli, sarımsaq, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından əsasən sement, mebellər, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri, məişət cihazları isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə fevrala nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri bahalaşıb, xarici ölkələrə təşkil edilən istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.