Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb

Maliyyə
  • 12 may, 2026
  • 12:55
Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 % artaraq 1 151,5 manat təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il aprelin 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 797,6 min nəfər olub, onlardan 869,5 min nəfəri dövlət sektorunda, 928,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 %-i təhsil, 13,8 %-i sənaye, 8,7 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.