Azərbaycanda ödəniş kartlarının sayı 20 %-dən çox artıb
- 26 mart, 2022
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il martın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 11 milyon 528 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 20,3 %, bu il yanvarın 1-nə nisbətən 4,4 %, fevralın 1-i ilə müqayisədə isə 2,3 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 19,1 % artaraq 10,078 milyona, kredit kartlarının sayı isə 29,3 % artaraq 1,450 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi isə müvafiq olaraq 3,567 milyon manat (illik müqayisədə 46,6 % çox) və 248 milyon manat (62,1 % çox) təşkil edib.
Fevralın sonuna kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1,379 milyard manat təşkil edib. Bu, illik müqayisədə 73,5 % çoxdur.
Həyata keçirilən nağdsız ödənişlərin 1,016 milyard manatı elektron ticarətin (2,3 dəfə çox), 361 milyon manatı (5,6 % çox) POS-terminalların, 2 milyon manatı isə (33,3 % az) ATM-lərin payına düşür.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 36,1 %-ni təşkil edib.
Martın 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 %, POS-terminalların sayı 9,4 % artıb. Hal-hazırda bankomatların sayı 2 931 ədəd, onlardan Bakı üzrə 1 576 ədəd təşkil edir, POS-terminalların sayı isə 63 058 ədəddir (Bakı üzrə - 61 800).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan banklarınan da əməkdaşlıq edir.