Azərbaycanda ödəniş kartlarının sayı 17 % artıb
- 27 noyabr, 2021
- 05:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 10,673 milyon ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 2,3 %, yanvarın 1-nə nisbətən 15,6 %, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 17 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 15,5 %, kredit kartlarının sayı isə 27,8 % artıb.
Bu ilin yanvar-oktyabr aylarında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8,37 milyard manat təşkil edib. Bu, illik müqayisədə 73 % çoxdur.
Həyata keçirilən nağdsız ödənişlərin 5,218 milyard manatı elektron ticarətin, 3,12 milyard manatı POS-terminalların, 32 milyon manatı isə ATM-lərin payına düşür.
Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 %-ni təşkil edib.
Bu ilin 10 ayında bankomatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 %, POS-terminalların sayı 7,1 % artıb. Hal-hazırda bankomatların sayı 2 870 ədəd, onlardan Bakı üzrə 1 521 ədəd təşkil edir, POS-terminalların sayı isə 61 061 ədəddir (Bakı üzrə - 40 057).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan banklarınan da əməkdaşlıq edir.