Azərbaycanda nağdsız ödənişlərin məbləği oktyabrda 2 dəfə artıb

Maliyyə
  • 25 noyabr, 2023
  • 13:00
Azərbaycanda nağdsız ödənişlərin məbləği oktyabrda 2 dəfə artıb

Bu ilin oktyabr ayında Azərbaycanda nağsız əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox - 5 milyard 017 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 4 milyard 107 milyon manatı elektron ticarətin payına düşüb.

Qalan məbləğin 902 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 54,7%-ni təşkil edib.

Bu il noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 16 milyon 210 min ədəd təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 1,7 %, ilin əvvəlinə nisbətən 18,9%, ötən il noyabrın 1-i ilə müqayisədə isə 21 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 20,8 % artaraq 14,058 milyona, kredit kartlarının sayı isə 22,1 % artaraq 2,152 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 8,226 milyard manat (illik müqayisədə 61,9 % çox) və 604 milyon manat (51,8 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 1,9 %, POS-terminalların sayı isə 9,3 % artaraq müvafiq olaraq 3 090 ədəd (Bakı üzrə 1 604 ədəd) və 82 615 ədəd (Bakı üzrə 55 632 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.