Azərbaycanda nağdsız ödənişlərin məbləği avqustda 50 % artıb

Maliyyə
  • 28 sentyabr, 2024
  • 08:53
Azərbaycanda nağdsız ödənişlərin məbləği avqustda 50 % artıb

Bu ilin avqust ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq - 6 milyard 812 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 738 milyon manatı (84,2 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 69 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 63,1 %-ni təşkil edib.

Bu il sentyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 18 milyon 567 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,2 %, ilin əvvəlinə nisbətən 9,7 %, illik müqayisədə isə 18,5 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 19,6 % artaraq 16,285 milyona, kredit kartlarının sayı isə 10,9 % artaraq 2,282 milyona çatıb. 8 ayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,968 milyard manat (illik müqayisədə 32,6 % çox) və 751 milyon manat (30,4 % çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 3 %, POS-terminalların sayı isə 24,4 % artaraq müvafiq olaraq 3 198 ədəd (Bakı üzrə 1 696 ədəd) və 101 066 ədəd (Bakı üzrə 64 120 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

44 - Tezliklə