Azərbaycanda nağdsız ödənişlərin məbləği 40 % artıb
- 03 mart, 2025
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 40 % artaraq - 6 milyard 902 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 845 milyon manatı (84,7 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 052 milyon manatı POS-terminallar, 3,1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 68,5 %-ni təşkil edib.
Bu il fevralın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 19 milyon 965 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,3 %, ötən ilin eyni dövrünə nisbətən 15,8 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 18,1 % artaraq 17,721 milyona, kredit kartlarının sayı isə 0,3 % artaraq 2,244 milyona çatıb. Yanvarda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,517 milyard manat (illik müqayisədə 24,7 % çox) və 840 milyon manat (35,5 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 6,8 %, POS-terminalların sayı isə 37,3 % artaraq müvafiq olaraq 3 328 ədəd (Bakı üzrə 1 785 ədəd) və 121 873 ədəd (Bakı üzrə 72 866 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.