Azərbaycanda nağdsız ödənişlərin həcmi iyulda 2 dəfədən çox artıb
- 27 avqust, 2022
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon 429 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu ilin iyulun 1-i ilə müqayisədə 1,5 %, yanvarın 1-nə nisbətən 12,6 %, ötən il avqustun 1-i ilə müqayisədə 22,6 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 21,9 % artaraq 10,846 milyon manat, kredit kartlarının sayı isə 27,3 % artaraq 1,583 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 4,786 milyard manat (illik müqayisədə 58% çox) və 313 milyon manat (59,7 % çox) təşkil edib.
İyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,036 milyard manat təşkil edib. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.
Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 41,8 %-ni təşkil edib.
Avqustun 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,2%, POS-terminalların sayı 17,8 % artıb. Hal-hazırda bankomatların sayı 2 944 ədəd, onlardan Bakı üzrə 1 554 ədəd təşkil edir, POS-terminalların sayı isə 70 663 ədəddir (Bakı üzrə - 47 374).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.