Azərbaycanda nağdsız ödənişlərin həcmi avqustda 2,5 dəfə artıb

Maliyyə
  • 01 oktyabr, 2022
  • 12:45
Azərbaycanda nağdsız ödənişlərin həcmi avqustda 2,5 dəfə artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon 609 min ədəd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bu ilin avqustun 1-i ilə müqayisədə 1,4 %, yanvarın 1-nə nisbətən 14,2 %, ötən il sentyabrın 1-i ilə müqayisədə 22,9 % çoxdur.

O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 22,4 % artaraq 10,993 milyon manat, kredit kartlarının sayı isə 26,7 % artaraq 1,616 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 4,889 milyard manat (illik müqayisədə 72,5 % çox) və 345 milyon manat (65,1 % çox) təşkil edib.

Avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2,235 milyard manat təşkil edib. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.

Hesabat dövrünə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 45 %-ni təşkil edib.

Sentyabrın 1-nə bankomatların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 %, POS-terminalların sayı 23 % artıb. Hazırda bankomatların sayı 2 960 ədəd, onlardan Bakı üzrə 1 557 ədəd təşkil edir, POS-terminalların sayı isə 72 828 ədəddir (Bakı üzrə - 48 940).

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.