Azərbaycanda ləğv olunmuş dövlət agentliyinin zərəri azalıb

Maliyyə
  • 17 mart, 2023
  • 14:09
Azərbaycanda ləğv olunmuş dövlət agentliyinin zərəri azalıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ləğv olunmuş İnnovasiyalar Agentliyi 2021-ci ili 2,151 milyon manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,2 % azdır.

2021-ci ildə İnnovasiyalar Agentliyinin ticarət fəaliyyətindən gəlirləri 51 min manat (əvvəlki ilə nisbətən 20,3 % az), investisiya gəlirləri 19 min manat (45,7 % az), əməliyyat xərcləri 50 min mnaat (23,1 % az), inzibati xərcləri 2,145 milyon manat (6,4 % az), digər xərcləri isə 25 min manat (əvvəlki il olmayıb) təşkil edib.

2022-ci ilin yanvarın 1-nə İnnovasiyalar Agentliyinin aktivləri 29,676 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 2 % azalaraq 745 min manata düşüb, balans kapitalı isə 0,1 % artaraq 28,931 milyon manata çatıb.

Xatırladaq ki, İnnovasiyalar Agentliyi ölkə prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə, o vaxtı Nəqliyyat, RYTN-nin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. Prezident İlham Əliyevin "Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə agentliyin, eləcə də “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin, eləcə də nazirlik yanında İnnovasiyalar Agentliyinin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.