Azərbaycanda kartlar vasitəsilə nağdsız ödənişlərin həcmi 90 % artıb
- 29 may, 2023
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 14 milyon 465 min ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,5 %, ilin əvvəlinə nisbətən 6,1 %, 2022-ci il mayın 1-i ilə müqayisədə isə 17,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 16,1 % artaraq 12,516 milyona, kredit kartlarının sayı isə 27,1 % artaraq 1,949 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi müvafiq olaraq 5,905 milyard manat (illik müqayisədə 50,1 % çox) və 417 milyon manat (35,4 % çox) təşkil edib.
Bu ilin aprel ayında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi illik müqayisədə 90 % artaraq 3 milyard 202 milyon manata çatıb.
Apreldə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi debet və kredit kartları ilə əməliyyatların 51,4 %-ni təşkil edib.
Bu il mayın 1-nə bankomatların sayı illik müqayisədə 2,6 %, POS-terminalların sayı 15,9 % artıb. Respublika üzrə bankomatların sayı 3 075 ədəd, onlardan Bakı üzrə 1 599 ədəd təşkil edir, POS-terminalların sayı isə 79 118 ədəddir (Bakı üzrə -54 647).
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.