Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər
- 06 aprel, 2022
- 10:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti investisiya xərclərini artırmaq məqsədilə 2022-ci ilin ortalarında dövlət büdcəsi proqnozlarına yenidən baxa bilər.
“Report” Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook 2022” adlı yeni hesabatına əsasən xəbər verir ki, hökumət "yaşıl" enerjini inkişaf etdirir və Qarabağda infrastruktura sərmayə qoyur, həmçinin özəl investisiyaların həcmi də artır. Bununla əlaqədar olaraq, ADB investisiya artımının 2022-ci ildə 2 %, 2023-cü ildə 3,5 % təşkil edəcəyini proqnozlaşdırır.
“2022-ci ildə dövlət borcu və dövlət zəmanətləri ÜDM-in 19,3 %-inədək artacaq. Bu, əsasən daxili bazar hesabına büdcə kəsrinin maliyyələşdirilməsi ilə əlaqədardır. Hökumətin borcun idarə edilməsi strategiyasına uyğun olaraq, 2023-cü ildə isə bu göstərici 18,8 %-dək azalacaq. Bununla belə, 2022-c ildə xarici borc və dövlət zəmanətləri 800 milyon ABŞ dolları səviyyəsində qalacaq”, - hesabatda deyilir.
Proqnozlara əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat (2021-ci ilin proqnozu ilə müqayisədə artım 10,2 %), xərcləri isə 29 milyard 879 milyon manat (2021-ci ilin proqnozuna nisbətən artım 4,7 %) məbləğində təsdiq edilib.
Gəlirlərin 14 milyard 690 milyon manatı və bütün daxilolmaların 54,8 %-i neft sektorunun, 12 milyard 126 milyon manatı və ya gəlirlərin 45,2 %-i qeyri-neft sektorunun payına düşəcək.
2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu 2 milyard 789,8 milyon manat (2021-ci ilin proqnozuna nisbətən azalma 1,6 %), işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası xərcləri 2,2 milyard manat (2021-ci ilin səviyyəsində saxlanılıb) məbləğində nəzərdə tutulub.
2022-ci il üçün dövlət büdcəsinin kəsiri 3 milyard 63 milyon manat və ya gələn il üçün ÜDM-in 3,5 %-i səviyyəsində proqnozlaşdırılır.