Azərbaycanda gələn il müdafiə və milli təhlükəsizlik xərclərinin gözlənilən strukturu açıqlanıb
- 11 noyabr, 2026
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyə ayrılması nəzərdə tutulan 8 milyard 816 milyon 400 min manat vəsaitin 3 milyard 438 milyon 600 min manatı məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılmasına yönəldiləcək.
"Report" xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə 102,3 milyon manat və yaxud 3,1 %, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 518,3 milyon manat və yaxud 17,7 % çoxdur.
Bildirilib ki, gələn il büdcədən 20 il və daha çox xidmət etmiş işləyən, ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 443,7 milyon manat təşkil edəcək. Həmin vəsaitin 20,6 milyon manatı və yaxud 4,6 %-i müdafiə və milli təhlükəsizlik xərclərinin, 423,1 milyon manatı və yaxud 95,4 %-i isə məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinin payına düşür.