Azərbaycanda dövlət borcuna xidmət xərclərinin kəskin artırılmasının səbəbləri açıqlanıb

Maliyyə
  • 02 noyabr, 2023
  • 12:03
Azərbaycanda dövlət borcuna xidmət xərclərinin kəskin artırılmasının səbəbləri açıqlanıb

Azərbaycanda 2024-cü ildə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin kəskin artırılması bir sıra səbəblərlə bağlıdır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kəskin artım xarici dövlət borcu üzrə əsas borc ödənişlərinin 850,9 milyon manat hissəsinin dövlət büdcəsinin xərclərində əks olunması, dünyanın aparıcı mərkəzi banklarının, o cümlədən, ABŞ Federal Ehtiyatlar Sisteminin və Avropa Mərkəzi Bankının, eləcə də, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini artırması nəticəsində faiz xərclərinin 341,6 milyon manat, o cümlədən xarici dövlət borcu üzrə hökumətin cəlb etdiyi kreditlərin faiz xərclərinin 106,6 milyon manat, daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları üzrə faiz xərclərinin 235 milyon manat artması ilə bağlıdır.

Sadalanan səbəblər ilə yanaşı, dövlət zəmanəti ilə cəlb edilmiş, lakin hökumət tərəfindən xidmət edilən kreditlər üzrə öhdəliklərin maliyyələşdirilməsi məqsədilə 2023-cü ilin dövlət borcuna xidmət xərclərində nəzərdə tutulan vəsaitin (402,4 milyon manat) 2024-cü ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən çıxarılması (2024-cü il üçün 322,8 milyon manat) nəticəsində 2023-cü il ilə müqayisədə 2024-cü ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün proqnozlaşdırılan vəsait üzrə artım cəmi 790,1 milyon manat olub.

44 filmi