Azərbaycanda dollar istiqrazlarının gəlirliliyi 10 %-ə çatıb - bu normaldırmı?

Maliyyə
  • 04 iyun, 2024
  • 10:35
Azərbaycanda dollar istiqrazlarının gəlirliliyi 10 %-ə çatıb - bu normaldırmı?

Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətləri ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "AzerGold") ABŞ dollarında buraxdıqları istiqrazlara görə illik 6 % gəlirlilik vəd etdikdən sonra özəl sektor onlarla rəqabətə davam gətirmək üçün bazara daha yüksək faizlərlə girdi.

Bir qədər əvvəl ölkənin aparıcı banklarından biri illik 7 %-lə 35 milyon dollarlıq istiqraz yerləşdirdi. Bunun ardınca isə ölkənin lizinq şirkətlərindən biri illik 10 % gəlirlilik vəd edərək 250 min ABŞ dolları vəsait cəlb etdi.

Bəs sərbəst dönərli valyutada buraxılan istiqrazların illik gəlirliliyinin 10 %-ə çatması normaldırmı? "Report" mövzu ilə bağlı araşdırma aparıb.

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktoru Cəfər İbrahimli hesab edir ki, dollar istiqrazlarının faizlərinin getdikcə yüksəlməsi kapital bazarının inkişafının göstəricisi sayıla bilər: “Şirkətlər strateji planlarına uyğun olaraq, ciddi təhlillərdən sonra istiqraz buraxır, onun parametrlərini, o cümlədən illik gəlirliliyini müəyyən edəndə bazarın reallığını nəzərə alır. Təbii ki, hər bir investisiyanın riski var. Əgər investorlar yüksək gəlirliliyə malik qiymətli kağızlara vəsait yatırırsa, bu da bazarın reallığıdır".

Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova da dollar istiqrazlarına getikcə daha yüksək gəlirlilik vəd olunmasını fond bazarının inkişafına bağlayır: "Bazar inkişaf etdikcə, burada hər kəs faiz qaldırmaqla investorların diqqətini cəlb etməyə, lazımi qədər vəsait cəlb etməyə çalışır. İnvestorlara da dollarla yüksək gəlir əldə etmək maraqlı olur. Bundan təkcə şirkətlər deyil, əhali də faydalana bilər. Yəni, insanlar evdə dollarda saxladıqları pulu istiqraz almaqla dövriyyəyə buraxa, faktiki olaraq biznesə yatıra və yüksək gəlir əldə edə bilərlər. Yəni, faiz yüksək olmalıdır ki, insanların diqqətini cəlb etsin. Azərbaycanda hələ ki, kapital bazarına inam elə də yüksək deyil. Amma yaxşı gəlirlilik bazara maraq oyadır".

Azərbaycan Mərkəzi Bankından isə “Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan emitentlərinin sərbəst dönərli valyutada buraxdığı istiqrazların illik gəlirliliyi həmin valyuta üzrə risksiz bazar faiz dərəcələrinin səviyyəsi, ölkə spredi, emitentin spredi, eləcə də likvidlik spredi kimi kompleks amillərin təsiri altında formalaşır: "Bildiyiniz kimi, artan inflasiya ilə mübarizə çərçivəsində aparılan sərt pul siyasəti nəticəsində ABŞ-da bazar faiz dərəcələri son illərin rekord həddinə yüksəlib və hazırda risksiz bazar faiz dərəcələri, yəni ABŞ dövlət istiqrazlarının bazar faizləri 4-5 % təşkil edir. Ölkə spredinə gəldikdə isə, Azərbaycanla oxşar kredit reytinqinə malik ölkələrdə bu spred hazırda 1-2 % səviyyəsindədir.

Göründüyü kimi, ABŞ dolları üzrə şirkətlərin hazırda borclanacağı baza faiz dərəcələri kifayət qədər yüksəkdir. Şirkətlərin buraxdıqları istiqrazlara gəldikdə isə burada baza faiz dərəcələri ilə yanaşı, emitent spredi də əlavə edilir və bu, əsasən idiosinkratik risklərin kompensasiyasını nəzərdə tutur. Emitent spredi şirkətin spesifik xüsusiyyətləri (yetkinlik səviyyəsi, həcmi, bazar payı və s.), şirkətin maliyyə göstəriciləri və şirkət barədə investorların gələcək gözləntiləri, alternativ maliyyə mənbələrinə əlçatanlığı kimi amillərdən asılı olaraq dəyişir. Bundan əlavə, buraxılan istiqrazın bazar seqmenti üzrə tələb və təklif amillərindən asılı olaraq likvidlik premiumu da əlavə edilir. Beləliklə, ayrı-ayrı emitentlərin buraxdığı istiqrazların illik faiz dərəcələri makro, mikro, eləcə də bazar amillərindən asılı olaraq dəyişir və bu faizlərin müxtəliflik göstərməsi təbiidir".

"Bakı Fond Birjası" QSC-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dollar istiqrazlarına yüksək gəlirlilik vəd olunması bazar amillərinin təsirindən qaynaqlanan təbii haldır: "Son 2 ildə qlobal bazarlarda müşahidə olunan yüksək inflyasiya meyilləri ABŞ-dən də yan keçməyib. ABŞ Federal Ehtiyatlar Sistemi inflyasiya faizinin hədəf diapazonuna salınması məqsədilə ABŞ dolları üzrə faiz dərəcələri artırılıb, bu da borclanma faizlərini artırıb. Ümumiyyətlə, faizlərə bir çox amillər təsir edir. Bura şirkətlərin maliyyə göstəriciləri və maliyyə mənbələrinə əlçatanlığı kimi mühüm məqamlar daxildir”.

44 - Tezliklə