Azərbaycanda debet kartları ilə dövriyyə 10 milyard manata çatıb
- 04 yanvar, 2025
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin noyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40 % artaraq 6 milyard 939 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 5 milyard 978 milyon manatı (86,2 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
Ötən ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 64 %-ni təşkil edib.
Ötən ilin dekabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 19 milyon 463 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 15 %, illik müqayisədə isə 17,5 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 19,7 % artaraq 17,215 milyona, kredit kartlarının sayı isə 3,2 % artaraq 2,248 milyona çatıb. 11 ayda kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 9,99 milyard manat (illik müqayisədə 23,2 % çox) və 794 milyon manat (26,2 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 5 %, POS-terminalların sayı isə 36,7 % artaraq müvafiq olaraq 3 270 ədəd (Bakı üzrə 1 751 ədəd) və 114 076 ədəd (Bakı üzrə 70 147 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.