Azərbaycanda daha bir bank 24 saat işləyən şöbə açıb

Maliyyə
  • 07 mart, 2017
  • 10:53
Azərbaycanda daha bir bank 24 saat işləyən şöbə açıb

Bakı. 7 mart. REPORT.AZ/ "Silkway Bank" ASC 24 saat rejimində xidmət göstərən “Elektron şöbə”sini istifadəyə verib. “Report” xəbər verir ki, “Elektron şöbə” paytaxtın Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev küçəsi,74A ünvanında yerləşir.

Həftənin 7 günü, 24 saat ərzində xidmət göstərən “Elektron şöbə”də “cash-in” bankomatları və avtomatik valyutadəyişmə terminalları müştərilərin ixtiyarındadır. Şöbədə vəsaitin karta mədaxil olunması (cash-in) və vəsaitin nağdlaşdırılması üzrə əməliyyatlar aparmaq mümkündür. “Cash-in” əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əsginas mədaxil etmək olar.

Avtomatik valyutadəyişmə terminallarında AZN/USD valyutaları qəbul edilir, bunun müqabilində isə AZN/USD valyutasında əsginasları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər.

Qeyd edək ki, bundan sonra da şəhərin mərkəzində həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən “Elektron şöbə”lər açılıb istifadəyə veriləcək.