Azərbaycanda bank sektorunun biznes portfelinin həcmi qiymətləndirilib

Maliyyə
  • 04 oktyabr, 2025
  • 17:44
Azərbaycanda bank sektorunun biznes portfelinin həcmi qiymətləndirilib

Bu ilin iyunun sonuna Azərbaycanın bank sektorunun biznes portfelinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % (1,27 milyard manat) artaraq 15,14 milyard manata çatıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Biznes kreditləri portfelində ən böyük payı ticarət müəssisələrinə verilmiş kreditlər təşkil edir və bu, ümumi portfelin 28,1 %-ni (4,25 milyard manat) təşkil edir.

"Bankların biznes portfeli üzrə kredit risklərində əhəmiyyətli dəyişiklik olmayıb. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlər əmsalı 0,3 faiz bəndi artaraq 2,8 % təşkil edib. Aparılmış təhlillər göstərir ki, qeyri-maliyyə sektoru üzrə risklər idarə olunan səviyyədədir. 2024-cü ilin sonuna, bank sektorunun biznes portfelinin ümumi həcmi 14,8 milyard manat təşkil edib", - hesabatda bildirilir.

AMB qeyd edir ki, biznes portfelinin 56 %-i təşkil edən müştərilər üzrə təhlillər aparılıb, nəticədə qeyri-maliyyə sektoru üzrə risklərin idarə olunan səviyyədə olduğu qənaətinə gəlinib: "Portfel üzrə kredit riskləri nəzarət altında saxlanılır".