Azərbaycanda 10 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub

Maliyyə
  • 14 noyabr, 2025
  • 12:05
Azərbaycanda 10 ayda orta illik inflyasiya 6 %-ə yaxın olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,9 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,6 % artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin oktyabr ayında istehlak qiymətləri 2024-cü ilin oktyabr ayına nisbətən 5,5 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8,2 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,8 % artıb.

Oktyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım qarabaşaq yarmasının, mal və qoyun ətinin, mal ətindən konservlərin, balıq və balıq məhsullarının, yumurtanın, ayranın, kəsmiyin, pendirin, kərə yağının, bananın, armudun, fındığın, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, kartofun, şokolad məmulatlarının, qara və yaşıl çayın, azalma isə limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, üzümün, kivinin, qozun, şabalıdın, göyərtinin, balqabağın, sarımsağın, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 % artıb. Qeyri-qida mallarından daha çox artım geyimlərin, şəxsi gigiyena və zərgərlik məmulatlarının, azalma isə yuyucu və təmizləyici vasitələrin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə sentyabra nisbətən 0,4 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mənzillərin kirayəyə verilməsi, metro, taksi, şəhər və şəhərətrafı avtobus nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti