Azərbaycan və Özbəkistan sığorta sektorunda vahid data sistemi üzərindən əməkdaşlığı dərinləşdirəcək
- 14 sentyabr, 2025
- 13:07

Özbəkistan və Azərbaycan gələcəkdə sığorta sektorunda məlumat və bilik mübadiləsini artıracaq, vahid data sistemi vasitəsilə əməkdaşlığı dərinləşdirəcək.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının sədri Oybek Xəlilov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sığorta qiymətləndirmə qaydalarının vahid prinsiplərə uyğunlaşdırılması da nəzərdə tutulur ki, bu da bütün Türk dünyasında sığorta şirkətləri arasında əməkdaşlıq üçün geniş imkanlar açacaq.
O xatırladıb ki, 2022-ci ildən Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan bir sıra birgə təşəbbüslər həyata keçirib və bu gün Şuşada sığorta assosiasiyaları birliyinin rəsmi yaradılması tarixi əhəmiyyət daşıyır:
"Şuşada bu hadisənin baş verməsi bizim üçün böyük önəm daşıyır. Tarixi bir an yaşanır - bütün Türk dövlətləri burada toplaşıb. Dövlət rəhbərləri və hökumətlər əvvəlki illərdə bu məkanda görüşlər keçirib, indi isə biz sığorta sahəsində əməkdaşlıq üçün buradayıq".