Azərbaycanda sığortaçıların maliyyə vəziyyətinin şəffaflığı üzrə beynəlxalq standartlarına keçid başlayır
- 14 sentyabr, 2025
- 13:42

Azərbaycan sığorta sektorunda uçotun beynəlxalq standartlara uyğunlaşdırılması gündəmdədir
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, sığorta sektorunda ən son beynəlxalq standart IFRS-17-dir:
"Mərkəzi Bank olaraq IFRS-17-nin (Beynəlxalq maliyyə hesabatlılığı standartı, sığorta şirkətləri üçün sığorta müqavilələrinin tanınması, qiymətləndirilməsi, təqdimatı və açıqlanması qaydalarını müəyyən edir; bu standart sığortaçılara maliyyə vəziyyətini daha şəffaf şəkildə əks etdirməyə imkan verir- red.) ölkədə tətbiqi istiqamətində addımlar atırıq. Bu prosesdə müvafiq qurumlarla birgə fəaliyyət göstəririk. Hesab edirik ki, bu mütərəqqi addım sektorun beynəlxalq səviyyədə təmsilçiliyinə, eləcə də yerli bazarda etimadın güclənməsinə xidmət edəcək".
V. Qurbanov əlavə edib ki, sığorta xidmətlərinin əlçatanlığının artırılması sektorun inkişafında əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu baxımdan rəqəmsallaşma xüsusi önəm daşıyır:
"Sığorta şirkətlərinin distribusiya kanallarının təkmilləşdirilməsinə, sığortaçılığı düzgün təmsil edəcək sistemlərin qurulmasına ehtiyac var. Günün tələbi rəqəmsallaşmadır. AMB olaraq bu istiqamətdə addımlar atırıq. Qeyd etmək lazımdır ki, texnologiyanın inkişaf sürəti ilə qanunvericiliyin paralel irəliləməsi dünyanın heç bir ölkəsində müşahidə olunmur. Çünki texnologiya çox sürətlə inkişaf edir".