Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 678 milyon manat güzəştli kredit alıb
- 25 noyabr, 2025
- 16:13
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 678 milyon manat kredit verilib, bunun 124 milyon manatı bu ilin yanvar-noyabr aylarının payına düşüb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.
Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Eyni zamanda, dövlət başçısının 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb.