Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək

Maliyyə
  • 01 oktyabr, 2026
  • 12:05
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu Azər-Türk Bankın yeni səhmlərini əldə edəcək

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun dövlətə məxsus "Azər-Türk Bank" ASC-nin səhmdarı olması Bankın yeni səhmlərini əldə etməklə baş tutacaq.

"Report" bu barədə "Azər-Türk Bank"a istinadən xəbər verir.

Məlumata görə, potensial investisiyanın əlavə səhm emissiyası yolu ilə həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Bankın nizamnamə kapitalı artırılacaq.

Xatırladaq ki, müvafiq saziş bu il sentyabrın 25-26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində imzalanıb.

"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.