Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 % artıb
- 25 iyun, 2022
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 18 milyard 577,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,4 %, yanvarın 1-nə nisbətən 8,5 %, ötən ilin iyunun 1-i ilə müqayisədə 23,3 % çoxdur.
Kredit qoyuluşunun 14 milyard 463,9 milyon manatı və yaxud 77,9 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 22,4 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 634,4 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 26,5 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,1 %-dən 19,6 %-ə qalxıb.
Bu il may ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 479,6 milyon manat olub. Bu isə illik müqayisədə 27,7 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,5 %-dən 2,6 %-ə qalxıb.
Azərbaycanda 26 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir.