Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 %-dən çox artıb
- 02 oktyabr, 2023
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 22 milyard 484,1 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 %, ilin əvvəlinə nisbətən 11,4 %, 2022-ci il sentyabrın 1-i ilə müqayisədə 17,5 % çoxdur.
Kredit qoyuluşunun 17 milyard 060,3 milyon manatı və yaxud 75,9 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 15 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 4 milyard 753,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 24,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,9 %-dən 21,1 %-ə qalxıb.
Bu il avqust ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 669,9 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,6 %-dən 3 %-ə çatıb.
Azərbaycanda 24 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 52-dir.