Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 % artıb
- 02 yanvar, 2024
- 09:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 milyard 618 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,8 %, ötən ilin əvvəlinə nisbətən 17 %, 2022-ci il dekabrın 1-i ilə müqayisədə 16,8 % çoxdur.
Kredit qoyuluşunun 17 milyard 483,2 milyon manatı və yaxud 74 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 10,8 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 5 milyard 398 milyon manat təşkil edib. Bu, illik müqayisədə 38,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,3 %-dən 22,9 %-ə qalxıb.
2023-cü il noyabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 736,8 milyon manat olub. Bu, illik müqayisədə 35,3 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,7 %-dən 3,1 %-ə çatıb.
Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.