Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 % artıb

Maliyyə
  • 25 noyabr, 2023
  • 11:31
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 % artıb

Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 milyard 196,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 14,9 %, 2022-ci il noyabrın 1-i ilə müqayisədə 15,9 % çoxdur.

Kredit qoyuluşunun 17 milyard 180,1 milyon manatı və yaxud 74,1 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 10,1 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 5 milyard 279,6 milyon manat təşkil edib. Bu, illik müqayisədə 36,7 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,3 %-dən 22,8 %-ə qalxıb.

Bu il oktyabr ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 736,8 milyon manat olub. Bu, illik müqayisədə 35,3 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,7 %-dən 3,2 %-ə çatıb.

Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.