Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 % artıb
- 26 avqust, 2023
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 22 milyard 41,9 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəlinə nisbətən 9,2 %, ötən il avqustun 1-i ilə müqayisədə 16,1 % çoxdur.
Kredit qoyuluşunun 16 milyard 736,1 milyon manatı və yaxud 75,9 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,8 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 4 milyard 635,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,9 %-dən 21 %-ə qalxıb.
Bu il iyul ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 669,9 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,6 %-dən 3 %-ə çatıb.
Azərbaycanda 24 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 52-dir.