Azərbaycan INTOSAI-nin XXV Konqresində iştirak edir
- 29 oktyabr, 2025
- 16:41
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) XXV Konqresində iştirak edir.
"Report" Palataya istinadən xəbər verir ki, konqres INTOSAI-ın Baş katibi və hazırkı Prezidentinin açılış nitqi ilə başlayıb.
Sonra INTOSAI-ın növbəti Prezidentinin – Misirin Hesabatlılıq üzrə Dövlət Qurumunun rəhbəri çıxış edib.
Açılış mərasimindən sonra INTOSAI-ın yeni Prezidentinin, Baş Katibliyinin, Yaranan Məsələlər üzrə Nəzarət Komitəsinin, eləcə də regional təşkilatların (AFROSAI, ARABOSAI, ASOSAI, CAROSAI, EUROSAI, OLACEFS və PASAI-nin) hesabatları dinlənilib.
Daha sonra INTOSAI-ın Peşəkar Standartlar, Potensialın Artırılması və Bilik Mübadiləsi Komitələrinin sədrləri fəaliyyətlərinə dair hesabatlarla çıxış ediblər. Günün sonunda INTOSAI-ın kənar auditoru funksiyasını yerinə yetirən ali audit orqanları təşkilatın maliyyə hesabatlarının auditinə dair məruzələr təqdim edib.
Konqres çərçivəsində "Maliyyə və iqtisadi böhranlar zamanı Mərkəzi Bankların və hökumətin fəaliyyətlərinin auditində AAO-ların rolu" və "Auditdə süni intellekt üsullarından istifadə" mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konqres üç ildən bir keçirilməklə bütün üzvlərin iştirakı ilə baş tutur. Burada təşkilat üçün mühüm qərarlar qəbul edilir və INTOSAI-ın gələcək fəaliyyətinin strateji istiqamətləri müəyyənləşdirilir.
Tədbir çərçivəsində həmçinin INTOSAI İdarə Heyətinin toplantısı keçirilib, burada təşkilatın müxtəlif komitələrinin hesabatları təqdim olunub və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.